“Qan ver, xilas et!”

2016-05-06

Talassemiya - bütün dünyada, o cümlədən Azərbaycanda geniş yayılmış irsi qan xəstəliyidir. Bu xəstəliyin daşıyıcılarına daimi olaraq qan nəql olunmalıdır. Mütəmadi olaraq qan köçürülmədikdə xəstələrdə ürək-damar çatışmazlığı, qaraciyər xəstəliyi və endokrin pozğunluqlar əmələ gəlir, bəzi hallarda isə ölümlə nəticələnir. Xəstəliyin əsas yaranma səbəbi qan qohumluğu olan insanların nikaha girməsidir. Buna görə də ölkəmizdə bu xəstəliyin artmaması üçün daima maarifləndirmə işləri aparılır, qan qohumluğu olan şəxslər nikahdan öncə icbari şəkildə müxtəlif qan analizlərinə göndərilir.

Ölkəmizdə talassemiyalı xəstələr daima dövlət qayğısı ilə əhatə olunmuş və bunun nəticəsi kimi "Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında" Azərbaycan Respublikasının qanunu qəbul olunmuşdur. Bundan başqa talassemiyalı uşaqlar üçün “Talassemiya Mərkəzi” tikilərək istifadəyə verilmişdir.

Hər il ölkəmizdə 8 may Beynəlxalq Talassemiya Günü kimi qeyd olunur. Bununla əlaqədar “Mətanət A” şirkəti hər il olduğu kimi bu il də “Qan ver, xilas et!” şüarı ilə qanvermə aksiyası keçirdi. Qanvermə aksiyasının əsas məqsədi hemofiliya, talassemiya və leykemiya kimi irsi qan xəstəliklərindən əziyyət çəkən uşaq və yeniyetmələrə dəstək olmaq və onların qana olan ehtiyaclarını qismən də olsa qarşılanmasına dəstək olmaqdır.

Qanvermə aksiyasında “Mətanət A” şirkətlər qrupunda daxil olan Quru İnşaat Qarışıqları Zavodu, Yeni AĞDAĞ Gips Zavodu, Beton Qatqıları Zavodu, ROKOL Boya Zavodu, Gips Hörgü Bloku Zavodunun işçiləri könüllü surətdə aktiv iştirak etdilər.

Aksiya Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankında həyata keçirildi. Mərkəzi Qan Bankının xüsusi tibb briqadası, həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı əvvəlcədən yoxlanıldı, sonra qan verildi. Aksiya zamanı  toplanılan qan talassemiya xəstəliyindən əziyyət çəkən uşaqların müalicəsində istifadə olunacaqdır.

Ümumiyyətlə “Mətanət A” şirkəti hər zaman müxtəlif istiqamətlərdə silsilə Korporativ Sosial Məsuliyyət layihələri həyata keçirir, şirkət rəhbəri Elxan Bəşirov dövlətimizin xeyriyyəçilik missiyasının davamı olaraq köməyə ehtiyacı olan əlil və kimsəsizləri, Qarabağ müharibəsi veteranlarını, müxtəlif xəstəliklərdən əziyyət çəkən şəxsləri daima diqqət mərkəzində saxlamaqdan qürur duyur. Şirkət gələcəkdə də bu şərəfli missiyanı davam etdirmək niyyətindədir.