Biz hər zaman sizinləyik

2015-09-24

Müsəlman aləminin ən vacib və ən gözəl bayramlarından biri olan Qurban Bayramı birlik və bərabərliyin rəmzi hesab olunur və bu bayramın təməlində xeyirxahlıq, paklıq, Allaha inam və sevgi durur. Bayramın əsas ideyası da Allah yolunda kəsilmiş heyvanın ətini imkansız bəndələr ilə bölüşmək, onları sevindirmək və sevincinə şərik olmaqdır. Bu baxımdan 15 ildir fəaliyyət göstərən “Mətanət A” şirkəti hər il olduğu kimi bu il də imkansız, sosial təminatı az olan, Qarabağ müharibəsi iştirakçıları, qaçqın və məcburi köçkün ailələrinin yanında oldu, keçirdiyi bayram tədbiri ilə onları sevindirdi.

Bu dəfə şirkət Qurban bayramı münasibətilə Qürur İctimai Birliyinin üzvlərini - Qarabağ müharibəsi iştirakçılarını, qaçqın və məcburi köçkünləri, sosial təminatı az olan ailələri bayram süfrəsi ətrafında topladı. Tədbirdə çıxış edən və iştirakçıları bayram münasibəti ilə təbrik edən şirkət nümayəndələri şirkətin həyata keçirdiyi xeyriyyəçilik aksiyalarından, Korporativ Sosial Məsuliyyət layihələrindən danışdı.

Bayram süfrəsində iştirak edən aztəminatlı ailələr onlara göstərilən diqqət və qayğıdan söz açdılar və “Mətanət A” şirkətinin həyata keçirdiyi bu cür tədbirlərin aztəminatlı ailələrə göstərilən dövlət dəstəyinin davamı olduğu vurğulandı. Hər bayramda olduğu kimi müqəddəs Qurban Bayramında da onları yada saldığı üçün şirkət rəhbərliyinə təşəkkürlərini bildirən Qürur İctimai Birliyinin üzvləri bunun bir ənənə halı aldığını və şirkətin bu cür sosial fəaliyyətlərin təqdirə layiq hal olduğunu söylədilər.

Tədbirin sonunda Qarabağ müharibəsi iştirakçılarına, qaçqın və məcburi köçkünlərə, sosial təminatı az olan ailələrə ərzaq yardımları və qurban payı verildi.

“Mətanət A” şirkəti Korporativ Sosial Məsuliyyət proqramına uyğun olaraq hər zaman cəmiyyətin aztəminatlı, əlil, şəhid ailələrinə, eləcə də yaşlı, kimsəsiz ailələrə yardım etməklə öz korporativ vətəndaşlıq borcunu yerinə yetirir və bundan sonra da bu işləri daha da əzmlə davam etdirəcəkdir.

Artıq 15 ildir ki, fəaliyyət göstərən quru inşaat qarışıqları məhsulların Azərbaycanda ilk istehsalçısı olan «Mətanət A» şirkəti 3 sistemdə, 22 mal qrupunda fəaliyyət göstərir. Bundan başqa 200-dən çox ticarət markasına və 1000-ə yaxın məhsul çeşidinə malikdir. “Mətanət A” ticarət markası adı altında istehsal etdiyi məhsulları Rusiya, Qazaxıstan, Gürcüstan, Türkmənistan, İran, Ukrayna və digər xarici ölkələrə ixrac edir.