"Mətanət A" şirkəti 20 yanvar faciəsi qurbanlarını yad etdi

2013-01-20

20 yanvar faciəsindən 23 il ötür. Azərbaycan xalqı öz qəhrəman övladlarının fədakarlığını yüksək qiymətləndirərək hər il 20 yanvarda onların əziz xatirəsini dərin ehtiramla yad edir. 20 yanvar hadisələri xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz idi. Lakin Azərbaycan xalqının dəmir iradəsi o qanlı gecəni tariximizə şanlı səhifə olaraq əlavə etdi. Biz 20 yanvarı milli matəm, hüzn günü kimi qeyd edirik, ancaq o müdhiş gecəni həm də iftixar hissi ilə xatırlayırıq, 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı törədilmiş cinayət, tökülmüş nahaq qanlar, insanların vəhşicəsinə qətlə yetirilməsi Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin gecə Azərbaycan xalqı özünün yenilməzliyini, Vətənə, torpağa sədaqətini, azadlıq mübarizə əzmini bütün dünyaya bəyan etdi. Məhz bu əzmin, iradənin sayəsində xalqımız müqəddəs arzusuna çatdı, illərlə gözlədiyi azadlığına qovuşdu.

Hər il olduğu kimi bu il də 20 yanvar faciəsi dünyanın dörd bir yanında azərbaycanlılar tərəfindən anılmışdır. “Mətanət A” şirkəti də bu faciənin anım mərasiminə qatıldı. Şirkət rəhbərliyi və kollektivi 20 yanvar şəhidləri üçün ucaldılmış abidəni ziyarət edərək, şəhidlərimizin xatirəsini yad etdi.